Paytaxtın Nəsimi rayonunda voleybol yarışı təşkil olunub

Aprelin 25-dən mayın 10-dək Bakının Nəsimi rayonunda təhsil işçiləri arasında voleybol yarışı təşkil olunub.
ATİAHİ Nəsimi rayon komitəsinin təşkilatçılığı ilə baş tutan turnir Azərbaycan xalqının dahi oğlu, dövlətimizin banisi Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunub.
Qalib komandaların mükafatlandırma mərasimində çıxış edən rayon komitəsinin sədri Reyhan Ocaqova qələbə münasibətilə onları təbrik etmiş və Ulu Öndərin xilaskar missiyalarından söz açıb. Bildirib ki, Ulu Öndərin 1993-cü ilin oktyabrında dövlət başçısı seçilməsindən sonra müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi əsaslı şəkildə sürətlənmişdir: “Ümummilli Lider ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş apardı, ölkədəki qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirildi, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edildi. Müstəqil dövlətimizin ərazi bütövlüyünün bərpası və Ermənistan silahlı qüvvələrinin hücumlarının qarşısının alınması, ölkənin müstəqilliyinin qorunub saxlanması üçün ordu quruculuğu istiqamətində kompleks tədbirlər həyata keçirildi”.
Onun sözlərinə görə, Heydər Əliyevin dərin məntiqli nitqi, natiqlik məharəti, söz seçmək bacarığı, auditoriya ilə ünsiyyət qurmaq səriştəsi onu dinləyənləri məftun edirdi: “Onun nitqi dərin və konkret idi, müzakirə olunan məsələni yüksək səviyyədə ümumiləşdirmək bacarığına malik idi. Çıxışlarında fikirlərini son dərəcə cilalanmış şəkildə ifadə edirdi. Müzakirə olunan məsələnin mahiyyətini açmağı, mövzunu milli mənafe, dövlətçilik mövqeyindən təhlil etməyi ustalıqla bacarırdı. Onun ən böyük gücü dərin, həm də universal biliyində, qətiyyətində, işgüzarlığında, hökmündə, qeyri-adi yaddaşında, tükənməz səbrində, müsahibini təmkinlə dinləmək bacarığında, uzaqgörənliyində, qarşıya qoyduğu məsələni həyata keçirmək qabiliyyətində, müdrikliyində, ən böyük siyasətçi keyfiyyətlərində, mahir diplomat olmasında və həmsöhbətinə təsiretmə gücündə idi”.
Nəsimi rayon 14 №-li məktəbin direktoru Rafael Hüseynov çıxışında qeyd edib ki, Azərbaycan Heydər Əliyev siyasəti ilə irəliləyir və yaşayır: “Onun siyasi kursu dövlət müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi, Azərbaycanın beynəlxalq imicinin yüksəldilməsi, habelə sosial-iqtisadi tərəqqiyə nail olunması kimi taleyüklü məsələlərdə uğurla sınaqdan çıxıb”.
Sonda qalib komandalara kubok, Fəxri fərman və komandaların üzvlərinə pul mükafatları təqdim olunub.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo