AHİK-in üzv təşkilatı ATİAHİ RK Nəsimi rayon komitəsi tərəfindən 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar 247 №-li məktəbdə tədbir keçirilib.
Müəllimləri təbrik edən Nəsimi rayon komitəsinin sədri Reyhan Ocaqova bildirib ki, Azərbaycan müəllimi cəmiyyətimizin və dövlətimizin maraqlarına söykənərək öz peşə fəaliyyətlərini yüksək keyfiyyətlə və səmərəli şəkildə yerinə yetirir, bütün hallarda hər bir şəxs üçün vicdanlılıq nümunəsi göstərirlər. Müəllimlərin sosial vəziyyətinin yaxşılaşdırılması, cəmiyyətdə onların nüfuzunun daha da artırılması daim dövlət siyasətinin mühüm istiqamətlərindən biri olub. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev mütəmadi olaraq müəllimlərin əməkhaqqının artırılması, onların mükafatlandırılması, fəxri adlarla təltif edilməsi ilə bağlı sərəncamlar verir, ölkəmizdə elm və təhsilin inkişafı, təhsil işçilərinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində zəruri tədbirlər görür. Məktəbin direktoru Sitarə Abbasova da müəllimin cəmiyyətdəki rolundan, müəllim adının ucalığından bəhs edib. Sonda müəllimlərə fəxri fərman və qiymətli hədiyyələr verilib.
Bundan başqa, Nəsimi rayon komitəsi ad günü olan müəllimləri mükafatlandırıb.
Keçirilən görüşlərdə komitənin sədri Reyhan Ocaqova ad günü münasibətilə müəllimləri təbrik edib, onların uğurlu pedaqoji fəaliyyətindən, müəllim adını şərəflə daşımalarından danışıb, rayon təhsilinin inkişafında xidmətlərini qeyd edib. Həmin müəllimlər həmçinin rayon komitəsi tərəfindən təltif olunub.