Paytaxtın 11 №-li Xüsusi təhsil məktəbində bayram şənliyi keçirilib

Nəsimi rayonunun 11 №-li Xüsusi Təhsil Məktəbində Novruz bayramı münasibətilə tədbir keçirilib. ATİAHİ Nəsimi rayon komitəsi ilə məktəbin ilk həmkarlar ittifaqının birgə təşkil etdiyi şənlikdə təhsil müəssisəsinin müəllim kollektivi iştirak edib. Nəsimi rayon komitəsinin sədri Reyhan Ocaqova çıxışında bildirib ki, Novruz xalqımızın mədəniyyətininin və incəsənətin güzgüsüdür. Milli mədəniyyətimizdə sülh, mehriban qonşuluq və tolerantlıq kimi ümumbəşəri dəyərləri bu bayram hərtərəfli təcəssüm etdirir. Xalqımızın sənətkarları Novruz bayramı haqqında mahnılar yazmış, filmlər çəkmişlər. Üzeyir Hacıbəyov, Fikrət Əmirov, Oqtay Zülfüqarov, Rəhilə Həsənova kimi görkəmli bəstəkarlar müxtəlif mahnılar yazmışlar. Həmçinin Novruz haqqında Novruzun çələngi və Ocaq kimi Azərbaycan filmləri də çəkilib. Bütün bunlar Novruzun xalqımız üçün nə qədər əziz və müqəddəs bir bayram olduğunu göstərir.
Məktəbin direktoru Elvina Əsgərova isə qeyd edib ki, hər il ölkəmizdə qüdrətli dövlətimizin dəstəyi ilə xalqımız Novruz bayramını böyük həvəs və təmtərqala keçirir. Artıq əvvəlki illərdən fərqli olaraq, son illər bu bayrama yeni gözəllik qatılıb. Belə ki, əzəmətli Zəfərin xoş əhval-ruhiyyəsi ilə Novruz bayramı xalqımızın qəlbini oxşamaqla yanaşı, hər kəsin üzünə xoşbəxt təbəssüm bəxş edir. Gəlişi ilə sevinc və şadlıq gətirən bahar bayramı qoy hər zaman dövlətimizə və xalqımıza yeni nailiyyətlər qazandırsın. Bayram süfrəsi arxasında keçən tədbirdə digər çıxışlar da dinlənilib, təbriklər səslənib.
Sonda fəal ittifaq üzvlərinə fəxri fərman və hədiyyələr verilib.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo