Nəsimi rayonunda yaş həddi ilə əlaqədar təqaüdə çıxan müəllimlərlə görüş keçirilib.
ATİAHİ Nəsimi rayon komitəsinin təşkilatçılığı ilə baş tutan tədbirdə müəllimlərin uzun illər davam etmiş pedaqoji fəaliyyətindən, gənc nəslin yetişməsində xidmətlərindən, yetirmələrinin həm elm sahəsində, həm də digər sahələrdə yüksək göstəricilərindən bəhs olunub.
Komitənin sədri Reyhan Ocaqova bildirib ki, müəllimlər peşəkar fəaliyyəti və şəxsi davranışları ilə hər zaman cəmiyyətimizin təhsilə, təhsil işçilərinə inamını artırır və bu peşənin nüfuzunu yüksəldirlər: “Gənclərimizin milli vətənpərvərlik ruhunda tərbiyə almasında, müasir elmi biliklərə yiyələnməsində, onların cəmiyyətimiz və dövlətimiz üçün faydalı, sağlam əhval-ruhiyyədə yetişməsində müəllimlərimizin əməyi danılmazdır. Dövlətimizin başçısı cənab İlham Əliyev mütəmadi olaraq müəllimlərin əməkhaqqının artırılması, onların mükafatlandırılması, fəxri adlarla təltif edilməsi ilə bağlı sərəncamlar verir, ölkəmizdə elm və təhsilin inkişafı, təhsil işçilərinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində zəruri tədbirlər görür”.
Təqaüdə çıxan müəllimlər onlara göstərilən hörmət və ehtirama görə, təşkilatçılara və onların ünvanına xoş sözlər deyən bütün iştirakçılara təşəkkür ediblər.
Sonda müəllimlərə müxtəlif hədiyyələr təqdim olunub.