Bakının Nəsimi rayonunda 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib.
Nəsimi Rayon İcra Hakimiyyətinin və ATİAHİ Nəsimi rayon komitəsinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə qadın müəllimlər və şəhid ailələrinin qadın üzvləri iştirak ediblər.
Çıxış edənlər bildiriblər ki, Ulu Öndər Heydər Əliyev ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırırdı, onların hərtərəfli fəaliyyətinə geniş meydan verirdi, qadın şəxsiyyətinə böyük hörmətlə yanaşırdı. Bu gün ölkəmizdə gender siyasətinin gücləndirilməsi, qadınların cəmiyyətdə rolunun yüksəldilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir. Azərbaycan qadınları mühüm dövlət qurumlarında, parlament və bələdiyyələrdə uğurla təmsil olunur, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərdə fəal iştirak edir, ölkə idmanının inkişafına böyük töhfələr verirlər.
Şəhid anası Alimə Cəfərova isə çıxışında Azərbaycan qadının rəşadətindən, şəhid analarının, onların həyat yoldaşlarının mətin iradəsindən danışıb. Vurğulayıb ki, məhz Azərbaycan qadınlarının yetirdiyi, tərbiyə etdiyi əsgər və zabitlər işğal altında olan Vətən torpağını azad edərək bizə böyük Qələbənin sevincini yaşatdılar.
Tədbirdə həmçinin qadınların ünvanına təbriklər səslənib, onlara uğurlar arzulanıb. Sonda iştirakçı xanımlara bayram hədiyyələri verilib.