Nəsimi rayonunda Həmrəylik Günü münasibətilə tədbir keçirilib

ATİAHİ Nəsimi rayon komitəsinin təşkilatçılığı ilə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə 23 №-li məktəbdə tədbir keçirilib.
Giriş sözü ilə çıxış edən Nəsimi rayon komitəsinin sədri Reyhan Ocaqova 2023-cü ildə görülmüş işlərdən, həyata keçirilən layihələrdən, o cümlədən “Heydər Əliyev İli” çərçivəsində təşkil olunan tədbirlərdən danışıb, növbəti ildə qarşıda duran vəzifələri və müəyyən olunmuş hədəfləri qeyd edib. O həmçinin cari ildə ölkəmizin qazandığı nailiyyətlərə toxunub, dövlətimizin suverenliyinin bütün ölkə ərazisində təmin olunmasından, Qarabağda separatizmə son qoyulmasından, eləcə də işğaldan azad edilmiş ərazilərimizdə aparılan tikiti-quruculuq işlərindən bəhs edib. İştirakçıları Həmrəylik Günü münasibətilə təbrik edən komitə sədri vurğulayıb ki, bayramın qeyd edilməsi bütün dünya azərbaycanlıları üçün artıq bir zərurətə, mənəvi ehtiyaca çevrilib: “Dünyada yaşayan 50 milyondan çox azərbaycanlı ilə əlaqə qurmaq, onlar arasında həmrəylik yaratmaq işində olduqca bu bayramın əhəmiyyəti var. Taleyüklü məsələlərində soydaşlarımız hər zaman həmrəy olurlar. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri əks-hücum əməliyyatı ilə işğal altında olan torpaqlarımızı düşməndən təmizləyərkən xarici ölkələrdə yaşayan soydaşlarımız möhtəşəm birlik nümayiş etdirdilər. Anti-Azərbaycan dairələrin məkrli təxribatlarının qarşısının alınmasında, müharibə həqiqətlərinin dünyaya çatdırılmasında qətiyyətlə mübarizə apardılar”.
Tədbirdə 23 №-li məktəbin direktoru Nigar Hənifəyeva, məktəbin ilk həmkarlar ittifaqının sədri Südabə Həsənova və digərləri çıxışlar edərək cari ildə Azərbaycanın uğurlarından, sosial-iqtisadi nailiyyətlərdən, təhsil sahəsinə dövlətimizin qayğısından və müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan addımlardan danışıblar.
Sonda fəal ittifaq üzvləri fəxri fərmanla təltif olunub.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo