ATİAHİ Nəsimi rayon komitəsi tərəfindən 27 sentyabr - Anım Günü ilə bağlı tədbir keçirilib.
Tədbirdə rayon komitəsinin sədri Reyhan Ocaqova çıxış edərək 27 sentyabrdan başlayan Azərbaycanın Zəfər salnaməsindən danışıb. Bildirib ki, Azərbaycanın ərazi bütövlüyünün pozulması və Ermənistanın işğalçı siyasətinin dünyada tanıdılması istiqamətində uğurlu diplomatik iş aparan Müzəffər Ali Baş Komandan İlham Əliyev 2020-ci il 27 sentyabrda başlayan və 44 gün davam edən Vətən müharibəsində düşmən üzərində qələbə çalaraq tarixi nailiyyətə imza atdı: “Qarabağ kimi çox çətin problemi həll edərək Ermənistanı, dünyadakı erməni diasporunu, erməni kilsəsini və onların havadarlarını diz üstə çökdürərək reallığı qəbul etməyə məcbur etdi – işğala son qoyuldu. Müzəffər Ali Baş Komandan bununla tarixi ədaləti bərpa etdi. Ermənistan üzərində parlaq qələbə əldə etməsi, həm də onun hakimiyyətə gəlişindən sonra apardığı praqmatik, sistemli siyasi kursun və uzaqgörən xarici diplomatiyanın bəhrəsi idi”.
R.Ocaqova qeyd edib ki, qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu: “Azərbaycan Ordusunun Qələbə salnaməsi daim xalqın yaddaşında yaşayacaqdır. Azərbaycan dünyanı yalançı erməni uydurmalarından və erməni faşizmindən xilas etdi”.
Rayon komitəsinin təşkilatçılığı ilə şəhidlərin məzarı ziyarət olunub, üzərinə gül dəstələri düzülüb, əziz xatirələri ehtiramla yad edilib, müqəddəs ruhlarına dualar oxunub.