Bakının 247 №-li məktəbində şəhid İsmayıl Kərimlinin anım gününə həsr olunan “Bir şəhid hekayəsi” adlı tədbir keçirilib.
AHİK-in üzv təşkilatı ATİAHİ RK Nəsimi rayon komitəsi tərəfindən təşkil olunan mərasimdə şəhidin valideyni və yaxınları, məktəbin kollektivi iştirak edib. Nəsimi rayon komitəsinin sədri Reyhan Ocaqova çıxışında 44 günlük Vətən müharibəsinin şanlı tariximizin ən qürurlü səhifəsi olduğunu bildirib. Onun sözlərinə gərə, yeni tarix yazan Vətən oğulları torpaqlarımız azad etməklə, yüksək döyüş ruhu və böyük qəhrəmanlıqlar göstərməklə Azərbaycan Ordusunun gücünü bütün dünyaya nümayiş etdirdilər. Vurğulanıb ki, qısa vaxt və sürətli əks-hücumla böyük ərazi azad edildi və biz bu yolda canından keçən qəhrəman övladlarımızı heç vaxt unutmayacağıq, onların xatirəsi daim xalqımızın qəlbində yaşayacaq.
Nəsimi Rayon İcra Hakimiyyəti başçısının müavini Gülarə Verdiyeva çıxışında dövlətimizin gücündən, o cümlədən hərbi qüdrətindən, Vətən müharibəsinin tariximizdə əhəmiyyətindən və şəhid ailələrinə dövlət dəstəyindən danışıb. Şəhid İsmayılın atası Ceyhun Kərimli oğlunun vətənpərvərlik ruhunda tərbiyə olunmasından, Vətənə məhəbbətindən, keçdiyi döyüş yolundan və göstərdiyi qəhrəmanlıqlardan danışıb.
Tədbirdə şagirdlərin ifasında vətənpərvərlik mövzusunda şeirlər və musiqi nömrələri səslənib.